Prezident İlham Əliyevdən sərt siyasi mövqe”Türkiyənin yanındayıq!”

Dövlət başçısı İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən toxunduğu məsələlər gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycan prezidenti üç vacib məsələyə xüsusi diqqət ayırıb. İlk olaraq, Prezident qaz nəqli ilə bağlı məsələdən söz açaraq, ölkələr arasında son illərdə soyuqlaşan münasibətlərin səbəblərindən danışıb.

Dövlət başçısının toxunduğu vacib məsələlərdən biri də Ermənistanla Yunanıstan arasındakı hərbi əməkdaşlıq olub. Prezident vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, Xocalıda soyqırımı aktı törətmiş ölkədir: “Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim”.

Cənab Prezidentin sonuncu məsələ kimi Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdən söz açaraq, ölkəsinin mövqeyini qəti açıqlayıb: “Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Cənab prezidentin bu açıqlması böyük emosiya doğursa da, heç də emosional deyildi. Azərbaycan tərəfindən əvvəllər diplomatik dillə, üstüörtülü şəkildə verilən mesajlar indi kifayət qədər aydın və açıq mətnlə dilə gətirilir. Prezident İlham Əliyevin Türkiyəyə dəstəyi əslində bütün türk dünyası üçün örnəkdir. Əslində bu çıxış Türk dünyasına bir mesaj olmalı və bu çıxışdan sonra bütün türkdilli ölkələr birləşməli, bir-birinə maksimum dəstək verməlidir. Çünki türkün dostu, türkdür. Türkiyə və Azərbaycan sözdə deyil, əməldə də eyni qəlbə, düşüncəyə sahib bir millət, iki dövlətdir.

Sözsüz ki, Azərbaycan üçün fərqi yoxdur, Türkiyə ilə üz-üzə gələn kimidir, forpost Ermənistandır, elə də böyük çəkisi olmayan Yunanıstanla Rum Kipridir, yoxsa dünyanın ən güclü dövlətləridir, Azərbaycan bütün hallarda qardaşlarına dəstək verməkdən çəkinməyəcək. Artıq bunu bütün dünya dövlətləri bunu yaxşı bilir.

Fuad Heydər
YAP Səbail GB Sədr müavini,Politolog

Related posts

Leave a Comment