Bakı metrosunda sərnişinlər üçün YENİLİK

Bu gündən etibarən metro qatarlarında sərnişinlərə karantin qaydaları ilə bağlı yeni müraciət səsləndirilir.

Bu barədə Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, karantin qaydaları çərçivəsində qoruyucu vasitələrdən istifadəyə laqeyd yanaşan sərnişinlər üçün yeni elan hazırlanıb:

“Bu gündən etibarən stansiyalarda karantin qaydaları ilə bağlı 6 yeni poster yerləşdiriləcək. Bundan başqa, stansiyalarda sərnişinlərin qoruyucu maskalardan istifadəyə məsuliyyətli yanaşmaları üçün yeni elan verilib. Elanı Dj Fateh səsləndirib. Onun səsi ilə sərnişinlərə karantin rejimi ilə bağlı metodiki göstərişlərə riayət etmək, sosial məsafəni qorumaq tövsiyə olunacaq. Çalışmışıq ki, elan yorucu olmasın. Fərqli müraciət forması olacaq. Düşünürük ki, bu diqqət çəkəcək və maraqla qarşılanacaq”.

Metroda karantin qaydalarının pozulması ilə bağlı isə qurum rəsmisi bildirib ki, bununla bağlı statistika metropoliten əməkdaşları tərəfindən aparılmır:

“Əməkdaşlarımız platformada qoruyucu vasitələri çıxaran şəxslərə yaxınlaşaraq, maskaları qaydalara uyğun şəkildə istifadə etməyi tövsiyə edir. Qayda pozuntusu və cərimə məsələlərinə polislər nəzarət edir”.

Related posts

Leave a Comment